Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qarşı demarşları artır. Qazaxıstandakı birgə təlimlərdən imtina edən rəsmi İrəvan indi də baş nazir Nikol Paşinyanın KTMT-nin baş katibi Stanislav Zasla görüşdən imtina etməsi xəbəri ilə çalxalanır.
Hafta.az-ın xəbərinə görə, “Hraparak” qəzeti yazır ki, KTMT-nin baş katibi Stanislav Zasın başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 20-də İrəvana gəlib və onların burada 5 gün, yəni sentyabrın 25-nə kimi qalması planlaşdırılıb.
KTMT missiyası “Ermənistan və Azərbaycan sərhədindəki vəziyyəti öyrənmək və gərginliyin azaldılması üçün təkliflər hazırlamaq” üçün gəlib.
“Dövlət başçısının KTMT-nin baş katibini qəbul edəcəyi güman edilirdi. Axı bu gün sərhəd gərginliyinin yumşaldılması prioritetdir, lakin Paşinyan KTMT-nin baş katibini qəbul etməyib. Ermənistana gəldikdən iki gün sonra o, Nyu-Yorka gedib və orada BMT Baş Assambleyasının sessiyası çərçivəsində KTMT və Rusiyanın bir nömrəli düşməni, NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb.
Lakin bu müddət ərzində Zas Ermənistanda ikinci eşalon rəsmilər - baş nazirin müavini, Təhlükəsizlik Şurasının katibi, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşlər keçirib. Dünən məlumat yayılırdı ki, Paşinyanın Nyu-York görüşündən xəbər tutan Zas bir neçə gün tez Ermənistanı tərk edib.
Onun konkret hansı gündə getdiyini isə Xarici İşlər Nazirliyi öyrənə bilməyib. Məsələ burasındadır ki, sentyabrın 22-dən sonra Zas heç bir görüşdə iştirak etməyib, onun iştirakı ilə hər hansı tədbirlə bağlı mesaj yayılmayıb”, – qəzet yazır.